Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi (KAUS)

14.07.2026

2190 baxış

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 22 noyabr 2011-ci il tarixli əmrinə əsasən, 01.01.2012-ci il tarixindən etibarən respublika üzrə bütün idarə və tibb müəssisələrində “Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi” tətbiq edilmişdir.

Sistem haqqında

“Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi” layihəsi çərçivəsində səhiyyə sahəsində insan resurslarının vahid platforma üzərindən idarə olunmasını təmin edən aşağıdakı alt sistemlər yaradılmışdır:
• Tibb kadrlarının Vahid Registri
• Mərkəzləşdirilmiş işə qəbul sistemi
• Elektron əmr sistemi
• Tibb işçilərinin təkmilləşdirmə kursları sistemi
• Tibb işçilərinin sertifikasiyası sistemi
Qeyd olunan sistemlər vahid məlumat bazasında inteqrasiya olunmuş, bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərir.
Tibb kadrlarının Vahid Registri
Tibb işçilərinin Vahid Elektron Registri vasitəsilə Səhiyyə Nazirliyinə birbaşa və bilavasitə tabe olan tibb müəssisələrinin həkim və orta tibb işçiləri barədə məlumatlar vahid bazada toplanır.
Registrə daxil edilən hər bir tibb işçisinə unikal registr kodu verilir. Tibb işçiləri registrdə həkimlər və orta tibb işçiləri üzrə təsnifləşdirilir.
Registrdə aşağıdakı məlumatlar əks olunur:
• Müəssisədə mövcud olan ştat vahidləri və həmin ştatlar üzrə rüblük çıxarışlar
• Tibb işçisinin şəxsi məlumatları
• Təhsil və ixtisas göstəriciləri
• İş təcrübəsi (o cümlədən cari müəssisədə fəaliyyəti)
• Keçdiyi təkmilləşdirmə kursları və əldə etdiyi sertifikatlar
• Digər zəruri kadr məlumatları
Eyni zamanda, sistem üzərindən kadrların şəxsi uçot vərəqəsinin çap edilməsi də mümkündür.

Elektron Əmr Sistemi
Elektron Əmr Sistemi tibb müəssisələrində tibb heyətinə dair əmrlərin avtomatlaşdırılmış şəkildə hazırlanmasına və idarə olunmasına xidmət edir.
Sistemin tətbiqindən əvvəl kağız daşıyıcı üzərindən verilən əmrlər hazırda elektron formada standart əmr formatına uyğun şəkildə yaradılır və çap edilərək rəsmi sənəd formasına salınır.
Kadr mütəxəssisi tərəfindən elektron əmr verildikdə, tibb işçisinə dair müvafiq məlumatlar avtomatik olaraq Vahid Registrdə əks olunur. Elektron Əmr Sistemi vasitəsilə tibb işçilərinin təkmilləşdirmə kurslarına göndərilməsi və digər inzibati proseslər operativ və şəffaf şəkildə həyata keçirilir.