Haqqımızda
Rəqəmsal Səhiyyə Mərkəzi haqqında
Rəqəmsal Səhiyyə Mərkəzi haqqında
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ ölkədə vahid səhiyyə informasiya mühitinin formalaşdırılmasını, elektron səhiyyə həllərinin tətbiqini və davamlı inkişafını təmin edən ixtisaslaşmış dövlət altqurumudur.
Rəqəmsal Səhiyyə Mərkəzinin institusional əsası 14 may 2010-cu il tarixində yaradılmış Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi ilə qoyulmuşdur. Fəaliyyətə başladığı gündən etibarən Mərkəz səhiyyə sistemində informasiya texnologiyalarının geniş tətbiqinə, tibbi məlumatların elektronlaşdırılmasına və səhiyyə idarəçiliyinin müasir rəqəmsal əsaslar üzərində qurulmasına mühüm töhfələr vermişdir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Elektron Azərbaycan” Dövlət Proqramları, “İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya” və “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində Mərkəz ölkədə elektron səhiyyə infrastrukturunun formalaşdırılmasında aparıcı icraçı altqurum kimi çıxış etmişdir.
Vətəndaşların tibbi məlumatlara əlçatanlığının artırılması məqsədilə elektron xidmətlər üçün portal və mobil tətbiqlər vasitəsilə e-səhiyyə xidmətlərinin dairəsi davamlı genişləndirilmişdir.
2024-cü ilin noyabr ayından etibarən səhiyyədə rəqəmsal transformasiyanın yeni mərhələsi müəyyən edilmiş, qurumun fəaliyyəti müasir çağırışlara uyğun olaraq yenidən strukturlaşdırılmışdır. Bu institusional transformasiya nəticəsində Mərkəzin adı və nizamnaməsi yenilənərək Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ adı altında fəaliyyətini daha çevik, innovativ və strateji model əsasında davam etdirməyə başlamışdır.
Bu gün Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ dövlət səhiyyə siyasətinin rəqəmsal icrasında aparıcı mərkəz kimi:
- səhiyyədə rəqəmsal transformasiyanı sistemli şəkildə həyata keçirir;
- vahid sağlamlıq məlumatları ekosistemini formalaşdırır;
- vətəndaşlara və tibb işçilərinə təhlükəsiz, əlçatan və effektiv rəqəmsal xidmətlər təqdim edir.
Mərkəzin əsas məqsədi müasir texnologiyaların tətbiqi ilə səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltmək, idarəetmədə şəffaflığı və səmərəliliyi artırmaq, vətəndaş mərkəzli rəqəmsal səhiyyə modelini qurmaqdır.
Dəyərlərimiz
- İnnovativlik – Səhiyyədə rəqəmsal yeniliklərin tətbiqini daim təşviq edir, qabaqcıl texnologiyaları sistemli şəkildə inteqrasiya edirik.
- Vətəndaş yönümlülük – Bütün fəaliyyətimizin mərkəzində vətəndaş məmnuniyyəti, tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti dayanır.
- Peşəkarlıq və məsuliyyət – Rəqəmsal səhiyyə həllərinin yaradılmasında yüksək peşəkarlıq, etik davranış və ictimai məsuliyyət prinsiplərinə əsaslanırıq.
- Təhlükəsizlik və etibarlılıq – Tibbi məlumatların məxfiliyinin və informasiya təhlükəsizliyinin qorunmasını fəaliyyətimizin əsas prioriteti hesab edirik.
- Şəffaflıq və əməkdaşlıq – Dövlət qurumları, səhiyyə müəssisələri və cəmiyyətlə açıq və səmərəli əməkdaşlığa önəm veririk.
- Dayanıqlı inkişaf – Rəqəmsal səhiyyə infrastrukturunun uzunmüddətli və davamlı inkişafını təmin etməyə çalışırıq.
Hədəflərimiz
- Ölkə üzrə bütün sağlamlıq məlumatlarının vahid rəqəmsal ekosistemdə birləşdirilməsi;
- Səhiyyə idarəçiliyində məlumat əsaslı qərarvermənin gücləndirilməsi;
- Vətəndaşların elektron tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi;
- Tibb işçilərinin rəqəmsal alətlərlə peşəkar fəaliyyətinin dəstəklənməsi;
- Süni intellekt və analitik texnologiyaların səhiyyəyə mərhələli inteqrasiyası;
- Səhiyyə xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnuniyyətinin davamlı artırılması;
- Beynəlxalq standartlara uyğun təhlükəsiz və dayanıqlı rəqəmsal səhiyyə infrastrukturunun qurulması.
Rəhbərlik