Sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş şəxslər sertifikasiya şəhadətnaməsini Səhiyyə Nazirliyinin elektron xidmətləri vasitəsilə əldə edə bilərlər. Bunun üçün kabinet.e-sehiyye.az portalında qeydiyyatdan keçərək "Sertifikasiya şəhadətnaməsinin çapı" xidmətindən istifadə etməlidirlər.
Xarici ölkələrdə ali və ya orta ixtisas təhsili almış tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında peşə fəaliyyəti ilə məşğul ola bilmələri üçün onların sənədləri Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən qiymətləndirilməli və təsdiq edilməlidir.
Müraciət elektron qaydada həyata keçirilir. Bunun üçün əvvəlcə kabinet.e-sehiyye.az portalında qeydiyyatdan keçmək, daha sonra "Müraciətlərim" bölməsində yerləşən "Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu" elektron xidmətindən istifadə etmək lazımdır.
Müraciət zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:
Xarici pasportun notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi və ölkəyə giriş-çıxış səhifələrinin surəti;
Ali təhsil haqqında diplomun surəti və diplomun Azərbaycan Respublikasında tanınmasını təsdiq edən (nostrifikasiya) şəhadətnamənin surəti;
Diplomdan sonrakı ixtisaslaşmanı təsdiq edən sənədin (rezidentura, internatura, kliniki ordinatura və s.) Azərbaycan dilinə tərcüməsi və notarial təsdiq edilmiş surəti;
Şəxsiyyət vəsiqəsinin surəti (xarici vətəndaşlar üçün müvəqqəti və ya daimi yaşamaq icazəsi vəsiqəsi);
Əmək kitabçasının notarial qaydada və ya iş yerinin kadrlar xidməti tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslər istisna olmaqla);
Diplomun Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi;
Orta təhsil haqqında attestatın surəti (yalnız orta tibb işçiləri üçün);
Diplomdakı soyadla şəxsiyyət vəsiqəsindəki soyad fərqləndiyi halda nikah haqqında şəhadətnamənin surəti.
Qeyd: Elektron müraciət tamamlandıqdan sonra təqdim edilmiş sənədlərin orijinalları və ya tələb olunan təsdiqlənmiş surətləri Səhiyyə Nazirliyinə fiziki qaydada təqdim edilməlidir.
Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə işə qəbul Azərbaycan Respublikası Prezidentinin 01.05.2023-cü il tarixli 2129 nömrəli Fərmanı və NK-nın 18.07.2024-cü il tarixli 344 nömrəli Qərarı ilə tənzimlənir. Namizədlər https://kabinet.e-health.gov.az/modul/miq ünvanında 15 iş günü ərzində qeydiyyatdan keçərək müraciət edir. Təhsil, iş stajı və sənədlər VSİS vasitəsilə yoxlanılır, nəticə şəxsi kabinet və ya e-poçt vasitəsilə bildirilir. VSİS-dən əldə olunmayan sənədlər (xarici diplomun tanınması, əmək məlumatları, ixtisas sənədləri və əlavə sertifikatlar) təqdim edilir.
Çıxarışı işlədiyiniz tibb müəssisəsinin kadrlar şöbəsindən və ya kabinet.e-sehiyye.az portalında qeydiyyatdan keçərək “Tibb kadrlarının vahid registrindən məlumatın verilməsi” xidməti vasitəsilə əldə edə bilərsiniz.
İş yeriniz üzrə Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etməklə və ya Tibbi müayinə kartının onlayn sifarişi xidməti (https://kabinet.e-health.gov.az/modul/tmk) vasitəsilə sifariş edə bilərsiniz.
"Tibbi müayinə kartı" sistemi (TMKS) işə qəbul zamanı və ya əmək fəaliyyəti dövründə dövri tibbi müayinədən keçməsi qanunvericiliklə tələb olunan şəxslər (obliqat qruplar) haqqında məlumatların elektron formada uçotunu təmin edən informasiya sistemidir.
Sistem Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi müayinə kartı sisteminin tətbiqi Qaydaları" əsasında yaradılmışdır.
TMKS-in əsas məqsədi tibbi müayinələrin nəticələri üzrə vahid məlumat bazasının formalaşdırılması, Gigiyena və Epidemiologiya Mərkəzləri, tibb müəssisələri və digər aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, həmçinin tibbi müayinələrin aparılmasına nəzarətin təkmilləşdirilməsidir.
Həkimin Davamlı Tibbi Təhsil (DTT) fəaliyyəti sertifikasiya dövrü ərzində hazırladığı fərdi peşəkar inkişaf planı əsasında həyata keçirilir və müvafiq hesabatla sənədləşdirilir.
Planın və hesabatın hazırlanması, təqdim olunması və təsdiqi elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Bunun üçün həkim əvvəlcə kabinet.e-sehiyye.az portalında qeydiyyatdan keçməli, daha sonra "Müraciətlərim" bölməsində yerləşən "Həkimlər üçün davamlı tibbi təhsil kabineti" elektron xidmətindən istifadə etməlidir.
Həkim müvafiq təqvim ili üzrə fərdi peşəkar inkişaf planını sistemə daxil etdikdə, həmin məlumatlar əsasında illik hesabat avtomatik formalaşır. DTT fəaliyyətini təsdiq edən sənədlər hesabatın müvafiq bölmələrinə əlavə edilir. Mütaliə və audiovizual tədris fəaliyyəti üzrə isə təsdiqləyici sənəd tələb olunmur.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə edilmiş tədbirlər və Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən təşkil olunan kurslar sistemdə mövcud ümumi siyahıdan seçilərək plana əlavə olunur. Bu tədbirlər üzrə əldə edilmiş kreditlər sistem tərəfindən avtomatik hesabata inteqrasiya edildiyindən, əlavə təsdiqləyici sənəd təqdim edilməsinə ehtiyac qalmır.
Hazırlanmış plan və illik hesabat elektron sistem vasitəsilə tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir.
Test cavab - sistem testi
salam

test

Heç bir nəticə tapılmadı.

Cavabınızı tapa bilmədiniz?

Dəstək komandamız sizə kömək etməyə hazırdır

Telefon

814

E-poçt

office@rsm.gov.az

İş saatları

Bazar ertəsi – Cümə, 09:00–18:00