Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” prosesi rəqəmsallaşdırılıb.

14.10.2026

1057 baxış

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi və daxili iş proseslərinin optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Bu istiqamətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən Nazirliyin İntranet portalında “Vətəndaş qəbulu” modulu hazırlanaraq istifadəyə verilib.

Modul vətəndaş qəbullarının qeydiyyatını, müraciətlərin nəticələrinin izlənilməsini və təhlilini vahid elektron mühitdə həyata keçirməyə imkan verir. Hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır.

Sistem vasitəsilə vətəndaş məlumatlarının avtomatlaşdırılmış qaydada əldə edilməsi, müraciətlərlə bağlı sənədlərin elektron formada əlavə olunması və məlumatların təkrar daxil edilməsinin azaldılması təmin edilir.

Modul müraciətlərin statusları üzrə uçotun aparılmasına, müxtəlif meyarlar əsasında axtarış və filtrasiya əməliyyatlarının həyata keçirilməsinə, eləcə də gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanmasına imkan yaradır.

Bu funksionallıq vətəndaş müraciətlərinin əsas mövzularının, struktur bölmələr üzrə bölgüsünün və qəbul nəticələrinin operativ təhlilini, mövcud problemlərin müəyyənləşdirilməsini və məlumatlara əsaslanan idarəetmə qərarlarının qəbulunu dəstəkləyir.

“Vətəndaş qəbulu” modulunun tətbiqi Səhiyyə Nazirliyində daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına, vətəndaşlarla işin səmərəliliyinin artırılmasına, nəzarət və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.