Rəqəmsal Səhiyyə Mərkəzinin Baş direktoru və bir qrup tibb işçisi "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub

13.07.2026

1060 baxış

Səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və əhalinin sağlamlığının qorunmasına verdiyi töhfələrə görə bir qrup tibb işçisi, o cümlədən Rəqəmsal Səhiyyə Mərkəzinin Baş direktoru Cəbrayıl Əsəd-zadə Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.
Təltifləri səhiyyə naziri Teymur Musayev təqdim edib.
Tədbirdə çıxış edən nazir ölkənin səhiyyə sisteminin inkişafında tibb işçilərinin mühüm rolunu vurğulayaraq, onların yüksək peşəkarlığını, fədakar əməyini və əhalinin sağlamlığının qorunması istiqamətində göstərdikləri xidmətləri yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan səhiyyəsində həyata keçirilən islahatların uğurla davam etdirilməsində, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində və vətəndaşlara göstərilən səhiyyə xidmətlərinin təkmilləşdirilməsində tibb işçilərinin əməyi xüsusi əhəmiyyət daşıyır.
Nazir təltif olunanları təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayıb.
Təltif olunanlar göstərilən yüksək etimada görə minnətdarlıqlarını ifadə edərək, bundan sonra da Azərbaycan səhiyyəsinin inkişafına töhfə vermək və əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətlərini əzmlə davam etdirəcəklərini bildiriblər.
Sonda "Səhiyyə əlaçısı" döş nişanları təltif olunan tibb işçilərinə təqdim olunub və xatirə şəkli çəkdirilib.
Mənbə: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi @sehiyyegovaz
Tarix: 10 iyul 2026-cı il.