Səhiyyə Nazirliyində yeni rəqəmsal idarəetmə sistemləri istifadəyə verilib

16.03.2026

1932 baxış

Səhiyyə Nazirliyində dövlət qulluqçularının fəaliyyətinin rəqəmsallaşdırılmasına və səhiyyə sahəsində analitik idarəetmənin gücləndirilməsinə xidmət edən “Rəqəmsal iş yeri – İntranet” və “Səhiyyə sisteminin və vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlərin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu təşəbbüslər ölkədə rəqəmsal hökumətə keçid, dövlət idarəçiliyinin müasirləşdirilməsi və innovativ həllərin tətbiqi üzrə həyata keçirilən strateji prioritetlərə uyğundur. Nazir vurğulayıb ki, milli səhiyyə sistemində rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması və inkişafı istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bildirilib ki, vətəndaşların sağlamlıq vəziyyətinin və səhiyyə sisteminin vahid rəqəmsal platforma üzərindən təhlili və monitorinqi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmə proseslərinin optimallaşdırılmasına və əsaslandırılmış qərarların qəbuluna mühüm töhfə verəcək.
Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov çıxışında bildirib ki, son bir il ərzində Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən 45-ə yaxın rəqəmsal təşəbbüs həyata keçirilib, onlardan 17-si Naxçıvan Muxtar Respublikasında icra olunub. Bu təşəbbüslər sırasında “Elektron resept”, “Elektron epikriz”, “Elektron bülleten”, “Dərman vasitələrinin izlənməsi və monitorinqi sistemi” və digər mühüm rəqəmsal həllər yer alır.
Qeyd olunub ki, “İntranet” sistemi dövlət sektorunda ilk dəfə olaraq dövlət qulluqçusunun iş mühitini avtomatlaşdıran, yalnız səlahiyyətli əməkdaşlar üçün nəzərdə tutulmuş təhlükəsiz və qapalı şəbəkə mühitində fəaliyyət göstərən platformadır. Sistem daxili resurslara fasiləsiz çıxış, sənədlərin strukturlaşdırılmış saxlanması, əməkdaşlıq, sənəd mübadiləsi, iclas otaqlarının rezervasiyası, tibbi reyestrlərə və analitik modullara çıxış imkanları yaradır.
Tədbir çərçivəsində, həmçinin İntranet platformasına inteqrasiya olunmuş “Vətəndaşların sağlamlıq vəziyyətinin və səhiyyənin analizi və monitorinqi” sistemi təqdim edilib. Sistem səhiyyənin 17 sektoru üzrə statistik və real vaxt rejimində toplanan məlumatların təhlilinə imkan verir və səhiyyə sahəsində trendlərin müəyyənləşdirilməsi, strateji planlaşdırma və idarəetmə qərarlarının qəbulunda mühüm rol oynayacaq.